Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərəb jurnalist: Ermənistan Livandan Qarabağa erməni ailələrini deyil, yaxşı təlim keçmiş silahlıları köçürür

Ərəb jurnalist: Ermənistan Livandan Qarabağa erməni ailələrini deyil, yaxşı təlim keçmiş silahlıları köçürür

Tarix: 16 Sentyabr 2020 19:44

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ermənistan Livandan Azərbaycanın işğal olunmuş ərazilərinə erməni ailələrini deyil, yaxşı təlim keçmiş erməni silahlılarını köçürür.

Bunu Trend-ə ərəb araşdırmaçı jurnalist, Cənubi Qafqaz üzrə ekspert Əbdül-Həmid Qütüb deyib.

Onun sözlərinə görə, Livan erməniləri 1970-1980-ci illər vətəndaş müharibəsi zamanı müsəlman ərəblərə, eləcə də digər azlıqlara qarşı mübarizədə vacib rol oynayıb.

O qeyd edib ki, təxminən bütün Livan erməniləri hərb işini yaxşı öyrənib və sirr deyil ki, Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülmüş “ailələr” arasında dəstələr yaratmaq, şəhər və dağ landşaftı şəraitində döyüş əməliyyatları keçirmək bacarıqlarına malik təcrübəli erməni silahlılarının sayı az deyil.

Ekspertin sözlərinə görə, bu barədə az adam yazsa da, Azərbaycanın işğal olunmuş ərazilərinə ermənilər təkcə Livan və Suriyadan köçürülmür: “Vaxtilə Misir ermənilərinin də Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində hərbi hazırlıq keçməsi barədə sənədli faktlar mövcuddur”.

Ə.H.Qütüb bildirib ki, bu faktı yerli nəşrlərin birində jurnalist işləyən Misir ermənisi Üsamə Eidanın çəkdiyi sənədli videokadrlar təsdiq edir. Bu kadrlarda Misir ermənilərinin Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində hərbi düşərgələrdə təlim keçdiyi görünür.

O, həmçinin qeyd edib ki, Ermənistan Livan ermənilərinin ailələrini Azərbaycanın işğal olunmuş ərazilərinə Ermənistanla “xristian həmrəyliyi” göstərən Livan hökumətinin dəstəyi ilə köçürür: “Bütün bunlar regionun demoqrafik tərkibinin dəyişdirilməsinə yönəlib”.

Ekspert vurğulayıb ki, BMT qətnamələrinə əsasən, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir, amma buna baxmayaraq, bu ölkənin hakimiyyəti erməni diasporunun dəstəyi ilə bu qətnamələri icra etmir. Bu da düşünməyə əsas verir ki, nüfuzlu beynəlxalq təşkilat erməni diasporunun girovuna çevrilib: “Azərbaycanın işğal olunmuş əraziləri beynəlxalq hüququn, o cümlədən də BMT qətnamələrinin öldüyü və ya dəfn olunduğu yerdir”.

Ərəb ölkələrinin mövqeyinə gəldikdə, Ə.H.Qütüb bildirib ki, ərəb ölkələri tərəddüdsüz şəkildə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan Azərbaycanla həmrəyliyini nümayiş etdirməlidir: “Təəssüf ki, bu gün heç bir ərəb ölkəsi Azərbaycanla lazımi həmrəylik göstərmir. Ərəb ölkələri Azərbaycanla həmrəylik və qardaşlıq nümayiş etdirən Türkiyəni nümunə götürərək real dəstək göstərməlidir”.

Ekspert hesab edir ki, ərəb ölkələrinin hökumətləri Azərbaycanla bütün məsələlərdə sıx əməkdaşlıq etməlidir, amma Azərabaycan da öz növbəsində ərəb ölkələrində öz diasporunu fəallaşdırmalıdır.


Etiketlər:  Ərəb jurnalist Ermənistan Livandan Qarabağa erməni ailələrini deyil yaxşı təlim keçmiş silahlıları köçürür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ