Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2020 18:00
Bakı. İlhamə İsabalayeva - Trend:
Bu gün dünya bazarında Azərbaycanın qazının və neftinin çəkisi heç də az deyil.
Bunu Trend-ə Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Mahir Dərziyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın neft-qaz kəmərlərinin Gürcüstan ərazisindən çəkilməsi bu ölkənin iqtisadiyyatına da bir qatqı qatıb. Bu layihələrdən bu gün Gürcüstan cəmiyyəti də faydalanır.
Deputat qeyd edib ki, bu gün Azərbaycan-Gürcüstan dostluğu bütün dünyaya örnək ola biləcək bir dostluqdur. Azərbaycan və Gürcüstan bir-biri ilə dost, strateji baxımdan müttəfiq olan ölkələrdir. Bu ölkələr arasında bütün sahələr üzrə münasibətlər inkişaf edir. Son dövrlərdə həyata keçirilən layihələr də bunun bariz nümunəsidir: “Elə konkret olaraq, Azərbaycan enerji daşıyıcılarının Gürcüstan üzərindən daşınmasını buna misal göstərmək olar. Bu gün bütün dünyada enerji daşıyıcılarının təhlükəsizliyi problemi var. Buna görə də bir çox ölkələr, bizim qonşu Asiya ölkələri Rusiya qazına möhtac idilər. Bu, Rusiyanın enerji daşıyıcılarından siyasi məqsəıdlər, bəzi hallarda kobud təzyiq üçün istifadə edilməsinə imkan verirdi. Azərbaycanın enerji daşıyıcılarının, dünya, o cümlədən Avropa bazarına daxil olması həmin ölkələrin Rusya enerji daşıyıcılarından asılılığının xeyli dərəcədə azalmasına imkan verdi. Təbii ki, bu məsələ həmin ölkələr üçün həm də siyasi müstəqillikdir. Buna görə də bu, həmin ökələrin müstəqilliyi üçün bir töhfə oldu”.
Azərbaycan iqtisadiyyatının inkişafının göz qabağında olduğunu vurğulayan deputat qeyd edib ki, bu, Azərbaycan qazının dünya bazarına çıxarılması nəticəsində mümkün olub.