Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2020 15:56
Bakı. Elçin Mehdiyev - Trend:
Ermənistan həmişə danışıqlar prosesindən və razılaşdırılmış əsas şərtlərdən yayınmağa çalışıb və indi də bölgəyə sülhməramlıların yerləşdiriliməsi və yaxud atəşkəsə nəzarət mexanizminin yaradılması məsələsini gendəmə gətirib, lakin bunların heç bir əsası yoxdur.
Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
Deputat bildirib ki, işğal olunmuş ərazilər Azərbaycan əraziləridir və Azərbaycanın icazəsi olmadan heç bir xarici dövlətin hərbi birləşmələri bu ərazilərdə yerləşdirilə bilməz:
“Danışıq şərtlərinə görə sülhməramlılar məsələsinə ən axırıncı mərhələdə baxıla bilərdi. İndiki mərhələdə isə belə bir məsələ heç cür mümkün deyil.
Bütövlükdə isə Ermənistanın silahlandırılması, Azərbaycanın işğal edilmiş əraziləridə Ermənistan silahlı qüvvələrinə məxsus yüzlərlə tankların, topların, raketlərin olması Minsk qrupunun həmsədrlərinə ünvanlanmalı olan bir sualdır ki, əgər siz deyirdinizsə ki, biz tərəfləri sülhə, barışığa hazırlayrıq, bəs bu qədər silah-sursatın işğal olunmuş ərazilərə toplanması bəyəm sülh danışıqlarına, birgə yaşayışa, münaqişənin dinc yolla həllinə köməkmi göstərir?!
Ona görə də bu silahların Ermənistana kimlər tərəfindən verilməsi araşdırılmalıdır və bununla bağlı ciddi tədbirlər görülməlidir, Ermənistana silah verilməsinə embarqo qoyulmalıdır.
Əgər belə olacaqsa, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, sülh danışıqları ola bilər. Ancaq Ermənistan rəhbərləri yenə də Dağlıq Qarabağın müstəqilliyi haqqında dəm vururlar, lakin onlar bilməlidirlər ki, Azərbaycan bu müstəqilliyi heç zaman verməyəcək. Onlar bu məsələni qoymaqla sülh danışıqlarından yayınırlar. Ona görə də Azərbaycan dövləti, ordusu icra olunmamış BMT qətnamələrini icra etmək məcburiyyətindədir”.