Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2020 12:56
İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən Sonxeber.net-a bildirilib ki, nazir Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibəti ilə səfirə uğurlar arzulayıb. Vurğulayıb ki, ortaq dini və mədəni dəyərlərə əsaslanan Azərbaycan-Pakistan əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir. Dost və qardaş Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan, Bakıda səfirliyi açılan ilk ölkələrdəndir.
İqtisadiyyat naziri təcavüzkar Ermənistanın silahlı birləşmələrinin sentyabrın 27-dən başlayan növbəti hərbi təxribatları, ağır artilleriya və raket qurğuları ilə mülki əhaliyə qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər barədə məlumat verib, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı Pakistanın birmənalı və qəti mövqeyinin, hər zaman Azərbaycana dəstək olmasının xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Mikayıl Cabbarov son günlərdə Pakistanda baş verən və insan tələfatı ilə nəticələnən terror aktlarının qəti şəkildə pislənildiyini vurğulayıb və səfirə dərin hüznlə başsağlığı verib.
Ölkəmizdə fəaliyyətindən məmnunluğunu ifadə edən səfir Bilal Haye Pakistan-Azərbaycan əməkdaşlığının inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. Səfir bir daha vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsində Pakistan ölkəmizin ədalətli mövqeyini tam dəstəkləyir və daim Azərbaycanın yanındadır.
Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı təcrübə mübadiləsi və s. məsələlər barədə müzakirələr aparıb.