Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2021 21:56
Microsoft şirkəti ABŞ-ın hərbi qüvvələri üçün Hololens adlı artırılmış reallıq cihazı əsasında xüsusi cihaz istehsal edəcək. Məlumata əsasən ilkin mərhələdə şirkət amerikalı hərbçilər üçün 120.000 ədəd bu cür cihaz istehsal edəcək. Hər iki tərəf arasında bağlanmış müqavilə 10 illik müddət üçün nəzərdə tutulub. Bu barədə CNBC saytı xəbər verib. Məlumatda qeyd edilib ki, Microsoft tərəfindən hazırlanacaq cihazlar amerikalı hərbçilərə bir sistem daxilində məşq etmək və döyüş aparmaq imkanını verəcək. Hələ 2018-ci ildə Microsoft bu məsələdə 480 milyon dollarlıq müqaviləni udmuşdu.
Həmin müqavilə çərçivəsində şirkət IVAS sistemli (inteqrasiya edilmiş vizual sistem) Hololens prototipini yaratmışdı. Yeni müqaviləyə əsasən isə şirkət cihazın seriya istehsalı ilə məşğul olacaq. Hololens əsasında hazırlanmış və Microsoft Azure bulud servisləri ilə inteqrasiya edilmiş IVAS cihazı əsgərləri daha effektiv edəcək platforma rolunda çıxış edir. Microsoft son 2 il ərzində ABŞ-ın hərbi qüvvələri ilə sıx əməkdaşlıq edib. Nəticədə hər iki tərəf əsgərlərin hərbi missiyaları effektiv yerinə yetirmələri üçün onlara lazımi imkanları təqdim edəcək ortaq layihə ərsəyə gəlib.