Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2021 10:03
“Honor” şirkəti yeni qabaqcıl smartfonun beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən “Snapdragon 778G” mobil platforması əsasında hazırlanacağını təsdiq edib. ABŞ-ın prosessor istehsalçısı ilə əməkdaşlıq haqqında müvafiq məlumat Çin istehsalçısının “Twitter” bloqunda yerləşdirilib.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Qualcomm Technologies” şirkətinin ikigünlük sammiti çərçivəsində yeni prosessor təqdim edilməklə yanaşı, digər istehsalçılar, o cümlədən “Honor” ilə tərəfdaşlıqdan söz açılıb.
“Snapdragon 778G” prosessoru tərtibatçılar tərəfindən orta sinifli qurğular üçün məhsuldarlıq həlli kimi qələmə verilir. “Honor” rəhbərliyinin sözlərinə görə, məhz bu çip buraxılışı hazırlanan “Honor 50” adlı “Android” sistemli smartfonun əsasını təşkil edəcək.
“Qualcomm Technologies” şirkəti ilə sıx əməkdaşlıq sayəsində “Snapdragon 778G” mobil platforması yeni “Honor 50” seriyasının əsası olacaq”, – “Honor” şirkətinin məhsullar üzrə prezidenti Fanq Fey bildirib.
“Honor” brendli yeni smartfonlar seriyasının nümayişi növbəti aya planlaşdırılır. Onların ətraflı texniki xüsusiyyətləri və pərakəndə satış qiyməti hələ ki açıqlanmayıb.
Nizam Nuriyev