Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2022 05:45
Müğənni Rəhim Rəhimlinin vaxtsız ölümü şou-biznes dünyasını, sevənlərini kədərləndirib.
Sonxeber.net olay-a istinadən yazır ki, bu günə kimi bir çox xitlərə imza atan 46 yaşlı sənətçinin həyatını itirməsi ilə bağlı onlarla sosial şəbəkə istifadəçiləri post paylaşıb, mahnılarını yad edib.
OLAY bu məqamda pop ulduzun tərcümeyi-halını təqdim edir:
Rəhim Rəhimli 28 dekabr 1976-cı ildə Salyan rayonunun Qaraçala kəndində anadan olub. Ekstravaqant tərzi, açıqlamaları ilə diqqət çəkən ifaçı Azərbaycan şou-biznesinə tövhələr verib. R. Rəhimli uzun illər Lider TV-də "Dostum" adlı şou proqramı aparıb. Rəhim Azərbaycanın populyar ulduzları, Xalq artistləri Aygün Kazımova ilə "Hər şey düzələr", Xalq artisti Röya Ayxanla "Sən idin" duetlərinə imza atıb.
Həmçinin, A. Kazımovanın məşhur "Sevərsənmi" albomunda Rəhimin bəstələrinə yer verilib. Rəhimli bir müddət səhnədən uzaqlaşaraq Türkiyədə yaşayıb, illər sonra Azərbaycana qayıdıb.
Sənətçi hər iki xanım həmkarları ilə silsilə şəkildə konsertlər verib. Rəhimin sonuncu səs-küy yaradan layihəsi repçilər Nadeer və Ramil Nabranla "Basdalama" dueti olub.
Layihə yutubda 18 milyon baxış toplayıb.
Daha sonra sənətçi 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarına kimi "MTV Azərbaycan" kanalının direktoru işləyib.
O, rəhbər olduğu televiziyada bir çox dəyişikliklərə imza atıb. İfaçı vəzifədən getdikdən sonra səhnə fəaliyyətinə davam edib, daha çox bəstəkarlıq fəaliyyəti ilə məşğul olub.
Pop ulduzun "Tərk-i Diyar", "Quzu kəsərəm" kimi hitlərə imza atıb. Bundan əlavə, sənətçinin Lider TV-də yayımlanan Lift Realiti Şousunun finalında Xalq artisti Alim Qasımov və Elnur Hüseynovla performansı uzun müddət danışılıb.
Müğənni 2022-ci il sentyabrın 30-da ürək tutmasından dünyasını dəyişib.
Allah rəhmət eləsin!