Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2019 14:15
Bakı. Trend:
Gömrükçülər külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş "Yaşıl kanal" buraxılış sistemindən istifadə edərək gömrük nəzarətindən keçən zaman saxlanılıb və "Qırmızı kanal"a yönləndirilib.
Daha sonra həmin şəxs əşyalarını rentgen aparatından keçirib gömrük nəzarətini tərk etmək istəyərkən yenidən saxlanılıb. Xanım vətəndaş sorğu-sual zamanı üzərində gömrük nəzarətinə bəyan olunası, gömrük nəzarətindən gizlədilmiş heç bir əşyanın olmadığını bildirib.
Lakin şəxsi yoxlamadan öncə o, əvvəlcədən gömrük nəzarətinə təqdim etmədiyi və alt geyimində gizlətdiyi 1 ədəd sellofan bükümü gömrük əməkdaşına təqdim etməli olub. Şəxsi yoxlama zamanı isə vətəndaşın alt geyimində daha 1 ədəd sellofan büküm aşkar olunub.
Həmin bükümlərdə isə qızıldan hazırlanan, bəzilərinin üzərində qaşlar olan 34 ədəd qolbaq və 75 ədəd boyunbağı aşkarlanıb. Aşkar olunan zərgərlik məmulatının ümumi çəkisi 386 qram təşkil edib.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin