Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2025 13:03
Mayın 3-də Azərbaycan Dövlət Kukla Teatrında "Leylək və Müqəvva" tamaşasının premyerası olacaq.
Teatrsevərlərlə görüşəcək yeni səhnə işinin qəhrəmanları mərhəmətli Müqəvva, xilaskar Ağac və yaralı leylək Aykodur...
Bu barədə Sonxeber.net-a teatrın mətbuat xidmətindən bildirilib.
Slovakiya yazıçısı Yaroslav Vadorajkanın "Müqəvva" pyesi (tərcümə edən Zümrüd Quliyeva) əsasında hazırlanan birhissəli uşaq tamaşasının ana ideyası təbiətə sevgi və canlılar arasındakı sədaqət hissidir.
Uşaqlarda təbiətə, heyvanlara sevgi və diqqət aşılayan maraqlı səhnələrlə zəngin birhissəli uşaq tamaşasını quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Musiqi tərtibatlı tamaşada təbiət və insan tandemi, daha doğrusu, tamaşada baş verən hadisələr fonunda qəhrəmanların fərdi xarakterik xüsusiyyətləri ön plana çıxır.
Belə ki, biz bu dəfə şaxtadan donmuş, qurumuş ağacı xilaskar, tarlada tərk edilmiş Müqəvvanı həyatsevər, hiyləgər Tülkünü təbib, dağıdıcı Küləyi sirdaş kimi görürük.
Tamaşanın hekayəti bir az hüznlü, daha doğrusu, ibrətamiz hadisə ilə başlayır. Belə ki, əkin-biçin mövsümünün bitməsi ilə əlaqədar tarlada tərk edilən, sahibi tərəfindən taleyin hökmünə buraxılan Müqəvva bu sonluq ilə barışmaq istəmir və illərlə qoruduğu əkin sahəsini tərk edir.
Bu zaman isti ölkəyə köçə hazırlaşan leyləklərlə rastlaşır. Sırasından geri qalan, dəcəl uşaqlar tərəfindən atılan daşa görə qanadı qırılan balaca leylək Aykonu sağaltmaq qərarına gəlir. Bütün qışı qurumuş ağacın iri gövdəsində daldalanan Müqəvva və balaca Ayko nəhayət baharın gəlişinə sevinirlər. Budur, artıq leylək qatarı da havada görünür və quşcuğaz dostlarına qoşulub uçur.
Bu nəticədən məsud olan Müqəvva sonda anlayır ki, ətrafa yararlı olmaq üçün tarladan da başqa yerlər var. Beləcə o Küləyə qoşularaq yeni yerləri kəşfə davam edir.
Birhissəli uşaq tamaşasında personajları Elnur Xəlilov (Müqəvva), Əməkdar artist Cəmilə Allahverdiyeva (Balaca leylək Ayko), Nərmin Əhmədova (Sərçə, Leylək), Samirə Nəcəfova (Tülkü, Leylək) və Yusif Baxşəliyev (Külək, Leylək, Ağac) canlandırırlar.