Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bu il bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri artıb, xarici borcu isə azalıb"

Tarix: 26 Dekabr 2019 17:24

Başa vurmaqda olduğumuz ildə Prezident İlham Əliyevin apardığı iqtisadi siyasət maliyyə-bank sektorunda vəziyyətin yaxşılaşmasına səbəb olub. Bu il bankların kapital dayanıqlığı artıb, rəqəmsallaşma güclənib və prudensial idarəetməyə keçid təmin edilib. Ancaq bununla birlikdə bütün müsbət trendlər bank sektorunun real iqtisadiyyatı daha geniş miqyasda maliyyələşdirmək istiqamətindəki gözləntiləri də gücləndirir.

Milli.Az Trend-ə istindən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2019-cu ilin iqtisadi yekunlarına dair Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirdiyi mətbuat konfransında deyib.

V.Qasımlı qeyd edib ki, bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu isə azalıb: "Belə ki, sektorun aktivləri 2019-cu ilin ilk 10 ayının nəticələrinə əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizlik artım nümayiş etdirib. Həmçinin, bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 2 dəfə artıb. Digər tərəfdən bankların balans kapitalı, əməliyyat mənfəəti və digər mənfəətlilik göstəriciləri üzrə müsbət dinamika müşahidə olunub. Bankların kredit qoyuluşu 11 faiz artıb. Bu il bank filial, şöbələrinin, nümayəndəlik, xidmət vasitələrinin sayı (məsələn, ATM), həmçinin sektorda işçi sayının əsaslı dərəcədə artdığının şahidi olduq. Belə ki, sektorda işçi sayı təkcə il ərzində 10 faizlik rekord artım nümayiş etdirdi. Geniş spektrdə aparılan sanasiya tədbirləri, toksik aktivlərin kredit portfelindəki xüsusi çəkisinin azaldılması, bank sistemində riskəsaslı idarəetmə konsepsiyasının təşviq edilməsi nəticəsində il ərzində problemli aktivlərin ümumi kredit portfelində xüsusi çəkisi rekord həcmdə - 2,6 faiz azalıb və beləliklə, kredit portfellərinin keyfiyyət əmsalı yüksəlib. Əlbəttə ki, burada cənab Prezidentin 28 fevral 2019-cu il tarixində imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman"ın rolunu xüsusilə qeyd etməliyik. 800 mindən çox insanı əhatə edən bu Fərman özünün müstəsna sosial mahiyyəti ilə birgə bank sektoru üçün sözün əsil mənasında tamamilə yeni bir səhifə açdı və bank sektorunun gələcək inkişafı üçün də möhkəm zəminlər yaratdı".


Etiketlər:  Bu il bank sektorunun kredit portfeli aktivləri əmanətləri artıb xarici borcu isə azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ