Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2019 17:21
Bakı. Trend:
Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar davam edir. Kütləvi informasiya vasitələrinin məlumatlarına əsasən, iqtisadi sahədə əməkdaşlıq danışıqların əsas mövzularındandır. Sazişin təfərrüatları açıqlanmasa da, son illərdə Avropa İttifaqının bir sıra ölkələrlə bağladığı sazişlərdən Azərbaycan qarşısında hansı tələblərin qoyduğunu güman etmək olar. Məsələn, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Qazaxıstanla imzalanmış sazişlər iqtisadi-ticarət sahəsində geniş əməkdaşlıq ehtiva edir. Bu sazişlərdən belə anlaşılır ki, Avropa İttifaqı bu ölkələrlə ticarətdə və onların bazarlarına girişində böyük üstünlüklər əldə edib.
Yuxarıda qeyd edilən sazişlərdə “maraqlı məqamlarla” rastlaşmaq olur. Məsələn, Avropa İttifaqının Qazaxıstanla sazişinə uyğun olaraq, sənaye müəssisələrinə satılan enerji və digər xammalın satış qiyməti müəyyənləşdirilərkən təchizatçının xərc və gəliri nəzərə alınmalıdır. Başqa sözlə bu enerji və digər xammalın faktiki bazar qiymətinə satışı deməkdir.
Azərbaycan belə bir razılaşmaya gedərsə, onda əhaliyə satılan su, elektrik enerjisi və qazın qiymətində ciddi artım olacaq. Lakin belə bir addım dövlətin sosial siyasətinə ziddir və Azərbaycanın belə bir razılaşmaya getməsi inandırıcı deyil.
Avropa İttifaqının Ukrayna ilə də sazişin “özəlliyi” diqqət çəkir. Belə ki, sazişə uyğun olaraq enerji daşıyıcılarının ixrac qiymətləri daxili bazarda tətbiq olunan qiymətlərdən yüksək olmamalıdır.
Azərbaycanın böyük enerji ixracatçısı olması bu tipli tələblərin Avropa tərəfindən irəli sürülməsini istisna etmir. Bu cür tələblər Azərbaycan vətəndaşları üçün heç də qənaətbəxş hesab oluna bilməz. Belə ki, Avropa İttifaqının tələblərinə görə, ya enerji daşıyıcılarının daxili bazardakı qiymətləri dünya bazarındakı qiymətlər səviyyəsinə qaldırılmalıdır, ya da ixrac qiymətləri aşağı salınmalıdır. Birinci halda daxili bazarda qiymətlərin kəskin artımını gözləmək olar. Bu isə, öz növbəsində ölkə daxilində qazın, elektrik enerjisinin, benzin və digər neft məhsullarının, eləcə də əlaqəli digər sahələrdə mal, iş və xidmətlərin qiymət artımına səbəb olacaq. İkinci ssenari isə ölkəyə daxil olan gəlirlərin kəskin azalmasına gətirib çıxaracaq.
Göründüyü kimi, hər iki ssenari qəbuledilməzdir. Çünki, bu ssenarilərdən hər hansı birinin qəbulu bilavasitə əhalinin güzəranının və sosial müdafiəsinin zəifləməsi, bütünlükdə həyata keçirilən çoxsaylı sosial layihələrin məhdudlaşdırılması ilə nəticələnər.
Hesab edirik ki, danışıqların ləngiməsinin əsas səbəbləindən biri də məhz budur.
Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin