Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan ərazisinin 30 faizi yüksək seysmik riskli sahədə yerləşir

Azərbaycan ərazisinin 30 faizi yüksək seysmik riskli sahədə yerləşir

Tarix: 29 Yanvar 2020 10:34

Azərbaycan ərazisinin 30 faizi yüksək seysmik riskli (8-9 ballıq) sahədə yerləşir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə AMEA Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev bildirib.

Onun sözlərinə görə, ölkəmizdə Böyük-Qafqazın cənub-şərq yamacı (Şamaxı-İsmayıllı), Naxçıvan Muxtar Respublikasının orta və yüksək dağlıq ərazisi 9 bal, Böyük Qafqazın cənub yamacı, bütün Kiçik Qafqaz, Naxçıvan Muxtar Respublikasının alçaq dağlıq ərazisi, Abşeron-Qobustan ərazisi 8 bal, qalan ərazilər isə 7 bala qədər seysmik zonaları əhatə edir.

Şöbə müdiri qeyd edib ki, zəlzələ hadisəsinin riskliliyi nəzərə alınarsa, Azərbaycanda bu sahədə Dağlıq Şirvan iqtisadi rayonu 1-ci yeri tutur. Son 100 ildə respublika ərazisində qeydə alınan 200 zəlzələnin 40 faizi Şamaxı rayonunun payına düşüb.

N.Paşayev əlavə edib ki, Abşeron iqtisadi rayonunda ən dağıdıcı zəlzələ 1842-ci ildə baş verib:

"O dövrdən uzun müddət sonra - 2000-ci ildə Bakı şəhəri yenidən zəlzələnin vurduğu itkiyə məruz qalıb. Bu zəlzələ bir daha sübut etdi ki, Azərbaycan yüksək seysmikliyə malik zonada yerləşir. Bu baxımdan iki məsələ əsasdır. Bunlardan biri tikinti işlərini yüksək keyfiyyətlə aparmaq, ikincisi binaları seysmiklik normasından 2 bal yuxarı bala uyğun tikməkdir. Digər məsələ isə zəlzələ barədə proqnozun verilməsidir, lakin bu məsələ elm üçün əlçatmazdır. İnkişaf etmiş ölkələrin, eləcə də Azərbaycanın bu sahədə fəaliyyət göstərən elm mərkəzləri və alimlərinin zəlzələnin olacağına dair (1-2 saat əvvəl) proqnozları haqqında danışılsa da, hələlik bunlar özünü doğrultmayıb".


Etiketlər:  Azərbaycan ərazisinin faizi yüksək seysmik riskli sahədə yerləşir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ