Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2020 17:06
Fevralın 20-da Bakıda idman jurnalistlərinin respublika toplantısı keçirilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AIJF) təşkilatçılığı ilə keçirilən tədbirdə yerli federasiyaların və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
AİJF İdarə Heyətinin sədri Qabil Mehdiyev rəhbərlik etdiyi qurumun yeni yaradılmasına baxmayaraq, bir neçə görüş keçirdiyini və əməkdaşlıq müqaviləsi imzaladığını deyib. Federasiyanın cari il üçün tədbirlər planının hazırlandığını deyən Q.Mehdiyev Azərbaycan idman jurnalistikası tarixinin 90 ilə yaxın yaşı olduğunu ifadə edib.
Əməkdar jurnalist Oqtay Bayramov tədbirin əhəmiyyətini yüksək qiymətləndirib və toplantını tarixi hadisə kimi dəyərləndirib. Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan O.Bayramov 2020-ci - Olimpiya ilində idmançılarımızı ciddi sınaqların gözlədiyini deyib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "İdman jurnalistikası" magistr proqramının rəhbəri Dan Mason dünyada idman jurnalistikasının xüsusi çəkisi olduğunu deyib. Bildirib ki, bu sahə dayanmadan inkişaf edir. Bu inkişaf Azərbaycanda da hiss olunur. O, rəhbərlik etdiyi proqramın Qafqazda ilk dəfə məhz Azərbaycanda tədris olunduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, proqrama azərbaycanlı tələbələrlə yanaşı, Nigeriyadan və Vyetnamdan olan gənclər də qatılıblar.
Sonra idman mediasını narahat edən məsələlər barədə müzakirələr edilib.