Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2020 11:51
Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Quliyevin təqsiri sübuta yetirilməyib və onun barəsində bəraət hökmü çıxarılıb. Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, ''Bulaq-2'' Mənzil Tikinti Kooperativi (MTK) Binəqədi rayonu Cəfər Xəndan küçəsində inşa etdiyi çoxmərtəbəli bina vaxtında inşa edilməyib və mənzillər 2-3 nəfərə satıb.
İş üzrə ümumilikdə 27 nəfər zərərçəkmiş şəxs var.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən MTK-nın rəhbəri Elmira Şirinova və MTK-da işləmiş S.Quliyevə ittiham verilib.
İş üzrə təqsirləndirlən digər şəxs E.Şirinova vəfat etdiyi üçün onun barəsinə başlanmış cinayət işinə xitam verilib.
S.Quliyev Binəqədi bələdiyyəsi sədrinin müavini olub.