Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib

Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib

Tarix: 19 Mart 2020 16:20

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) idarə heyəti uçot dərəcəsinin 7,25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.

AMB-dən Sonxeber.net-a verilən məlumata görə, faiz dəhlizinin yuxarı həddi 9 faiz saxlanılmaqla aşağı həddi 6,75 faizə qaldırılıb.

Bu qərar başlıca olaraq idarə heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə qlobal mühitdə baş verən əhəmiyyətli dəyişikliklər və onun təsiri altında yaranmış qeyri-müəyyənliklər nəzərə alınmaqla qəbul edilib.

Mart ayının əvvəllərindən koronavirus pandemiyasının qlobal iqtisadiyyata mənfi təsirlərinin artdığı şəraitdə əsas neft ixracatçıları arasında "OPEC+" sazişinin müddətinin uzadılmaması neftin qiymətinin cari ildə 2 dəfədən çox azalması ilə nəticələnib.

Xarici şok şəraitində Azərbaycan Hökuməti və Mərkəzi Bankın koordinasiya olunmuş fəaliyyəti nəticəsində valyuta bazarında tarazlıq təmin edilir. İlin əvvəlindən inflyasiya səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməyib, 12 aylıq inflyasiya 2,9 faiz olmaqla hədəf diapazonunun mərkəzindən aşağıda qalıb. Pul bazası ilin əvvəlindən 11 faiz azalıb ki, bu da monetar şəraitin sərtləşməyə başladığını göstərir.

Buna baxmayaraq, dövr ərzində iqtisadi aktivlik qorunub, iqtisadi artım 2,8 faiz, qeyri-neft sektorunda iqtisadi artım isə 6,7 faiz təşkil edib.

Qlobal iqtisadiyyatdan gələn qeyri-monetar şokun həm ölkədaxili tələbə, həm də təklifə mənfi təsirləri Mərkəzi Bankın qiymət və maliyyə sabitliyi ilə iqtisadi aktivlik və məşğulluğun dəstəklənməsi arasında balanslı mövqe tutmasını şərtləndirir.

Son illər ölkədə yaradılmış iqtisadi və maliyyə potensialı qeyd olunan məqsədlər toplusunu optimallaşdırmaq üçün yetərli səviyyədədir. Mərkəzi Bank izafi pul kütləsinin sterilizasiyası üçün öz portfelini genişləndirəcək, zəruri hallarda arsenalındakı mövcud alətlərlə bank sisteminin likvidlik tələbatını tam ödəyəcək.

Yaranmış vəziyyətdə Mərkəzi Bank qlobal mühitdə və ölkə iqtisadiyyatında gedən prosesləri gündəlik əsasda monitorinq edir, xarici şokun ölkə iqtisadiyyatına təsirlərinin miqyasını qiymətləndirmək üçün davamlı təhlillər aparır.

Bu qərar martın 19-dan qüvvəyə minir. Mərkəzi Bankın idarə heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı mayın 1-də ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.


Etiketlər:  Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ