Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2019 11:36
Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanda sosial sahədə elektron texnologiyaların geniş tətbiqi nəticəsində əldə olunan nailiyyətlər beynəlxalq səviyyədə uğurlu təcrübə nümunələri kimi yüksək dəyərləndirilir.
Trend-in məlumatına görə, Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən 20 ölkədən 76 sosial layihənin iştirak etdiyi müsabiqənin nəticəsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı dövlət sosial yardımı üzrə elektron sisteminin xüsusi mükafata layiq görülməsi bunun növbəti təzahürüdür.
Ölkəmizdə icra olunan ünvanlı dövlət sosial yardımı proqramı aztəminatlı ailələrin sosial müdafiəsində mühüm rola malikdir. Azərbaycanın öz mütəxəssisləri tərəfindən hazırlanaraq tətbiq edilən elektron sosial yardım sistemi bu proqramın icrasında ünvanlılığın təminatına, yardım alınması üçün müraciət və təyinat prosesinin məmur-vətəndaş kontaktları olmadan, tam şəffaf həyata keçirilməsinə imkan yaradıb. Digər tərəfdən, proqramın icrasının, bu sahədə xidmətlərin və idarəçiliyin operativliyi, sosial yardım sisteminin aztəminatlı ailələrə daha əlçatan olması təmin edilib.
Hər hansı vətəndaş təmsil etdiyi ailənin sosial yardım almaq hüququna baxılması üçün yalnız e-qaydada müraciət edərək, ailəsinin tərkibi, gəlirləri, əmlakı və s. barədə məlumatları e-sistemə daxil edir və bu məlumatlar avtomatlaşdırılmış rejimdə yoxlanaraq qərar qəbul olunur.
Hazırda nazirlik tərəfindən ünvanlı dövlət sosial yardımı sisteminin, o cümlədən bu sahədə elektron infrastrukturun təkmilləşdirilməsi istiqamətində də işlər aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin