Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2019 15:28
Bakı. İlhamə İsabalayeva -Trend:
Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərlikləri istifadəyə yararsızdır.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib.
Onun sözlərinə görə, çimərlik mövsümünün başlanması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə çimərlik sahələrində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.
Analizlərin nəticələrinə görə, Xəzər rayonu Türkan, Suraxanı rayonu Hövsan, Səbail rayonu Şıx, Qaradağ rayonu Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərində zərərli maddələrin miqdarı normadan artıqdır. Bu səbəbdən vətəndaşların qeyd olunan çimərliklərdən istifadə etmələri məqsədəuyğun deyil.
Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri isə analizlərin nəticələrinə görə çimərlik kimi istifadəyə yararlıdır:
"Hazırda Xəzər dənizinin Cənub və Şimal bölgələrində də monitorinqlər həyata keçirilir, su və dib çöküntüləri nümunələri üzərində təhlillər aparılır".
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənovun sözlərinə görə, bəzi çimərliklərdə çirklənmə o həddə çatıb ki, insanların orada çimməsi təhlükəli hesab olunur. Xəzər dənizinin çirkləndirilməsinin fəsadları və əhaliyə birbaşa təsirləri indi-çimərlik mövsümünün başlaması ilə daha qabarıq görünür:
"Xəzərin çirkləndirilməsinin qarşısının alınması üçün hüquqi və fiziki şəxslərə, obyekt sahiblərinə etdiyimiz çağırışların, xəbərdarlıqların məqsədi yəqin ki, indi daha da aydın görəcəksiniz. Biz tullantı sularını dənizə axıtmayın, təmizləyici qurğular quraşdırın çağırışını edəndə məqsədimiz bu idi ki, insanlarımız təmiz çimərliklərdə istirahət etsinlər. Təəssüf ki, bu gün nəticələr elə də ürəkaçan deyil. Amma reallıq budur ki, bəzi çimərliklərin suyunun təmizliyi qənaətbəxş deyil.
Dənizi çirkləndirənlər bilməlidirlər ki, onların yaxınları da dənizdə istirahət edəcək və çimmək istəyəcək. Heç olmasa bundan sonra öz işlərində dönüş yaratsınlar, çirkab suları təmizləmədən dənizə axıtmasınlar".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin