Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2020 20:57
"Körpələr hələ doğum evindəykən ətraflı müayinə olunur, bundan sonra evə yola salınırlar. Bundan sonrakı məsuliyyət valideynlərin üzərinə düşür. Bəzən məktəbə gedənə qədər uşaqlarda görmə və göz müayinəsi heç aparılmır".
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva deyib. Həkim bildirib ki, adətən 7 yaşından sonra uşaqlarda göz sağlam böyük yaşlı insandakı kimi eyni göstəricilərə çatır: "Nəzərə alsaq ki, göz alması və görmə analizatoru məhz bu yaş həddinə qədər inkişaf edir, görmə qüsurları və zəifliyinin vaxtında qarşısını almaq üçün bu mərhələdə vaxtaşırı müayinə mütləqdir".
Oftalmoloq bildirib ki, uşaqlarda heç bir problem olmasa belə müayinələr aparılmalıdır. İlk müayinə körpənin 6 aylığında, növbəti müayinə 3,5 və 7 yaşlarında aparılmalıdır: "Körpələrdə refraksiyaya bağlı (yüksək eynək nömrələri) çəplik, göz tənbəlliyi (görmənin korreksiya ilə belə zəif olması), klinikasız keçən göz dibi şişləri (retinablastoma), görmənin itirilməsi ilə yaxud kəskin zəif olması ilə, titrəmə (göz almasının titrəməsi-nistaqm), çəplik ilə nəticələnəcək göz dibi xəstəlikləri, vaxtından əvvəl doğulmuşların retinopatiyası (göz dibinin inkişafdan qalması), anadangəlmə qüsur və sindromlar vaxtında aşkarlanıb müdaxilə olunsa, uşaqlara yüksək, sağlam görmə bəxş etmək olar".
Onun sözlərinə görə, körpələr fikirlərini tam ifadə edə bilmədiklərinə görə, gözlərindən şikayət etmirlər, bunu nəzərə alaraq valideynlər diqqətli olmalıdırlar: "Ətrafdakıların körpə haqqında "iri gözdür", "xam baxışı var", "hələ körpələr görmürlər" kimi fikirlərinə əhəmiyyət verilməməlidir. Yenidoğulmuşlarda fərqli ölçülərdə olsa (iri həcmli görürlər) da görmə olur, həyatının 2-ci ayından başlayaraq binokulyar görmə (ayrı-ayrı gözlərlə görülən şəkil beyində birləşib vahid təsvir təşkil etmək qabiliyyəti) inkişaf edir, artıq körpələrdə fiksasiya qabiliyyəti olur, 6aylığında görməsi artır, görmə analizatoru inkişaf etmiş olur".
Bəs saatlarla kompüter, TV, smartfon istifadə edəndə uşaların görməsi zəifləyirmi? Valideynləri ən çox bu məsələnin narahat etdiyini deyən A.Əliyeva bunları deyib: "Uzun müddət monitor texnikadan istifadə edən uşaqlarda görmə zəifləməz, sadəcə, gözdə quruluq, yorğunluq və bununla əlaqədar olaraq görməni müxtəlif məsafəyə fokuslayan əzələlərin spazmı yaranar. Belə ağırlaşmanın qarşısını almaq üçün görmə gərginliyinə, dərslərə fasilələr vermək, yaşıllıq və açıq havada vaxt keçirmək, yuxudan 1-2 saat əvvəl qajetlərdən istifadə etməmək, gecə 8-9 saatlıq yuxu yatmaq lazımdır".