Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Klinika direktoru: ''İnfeksiyaya yoluxanların sayı artır, insanlar özlərini qorumurlar''

Klinika direktoru: ''İnfeksiyaya yoluxanların sayı artır, insanlar özlərini qorumurlar''

Tarix: 27 Iyun 2020 22:48

"Koronavirus infeksiyasına yoluxanların sayı artır. Ölkəmizdə kifayət qədər xəstəxana, çarpayı sayı var və xəstələrin müalicəsi üçün zəruri olan bütün addımlar atılır, lazımi dərmanlar ölkəyə gətirilir. Fikrimcə, son günlər koronavirusa yoluxanların sayında artım dinamikası insanların sağlamlığına laqeyd, etinasız yanaşması ilə bağlıdır. Hətta dövlət başçısı səviyyəsində dəfələlərlə əhaliyə müraciət olunsa da, insanlar özlərini qorumurlar. Bu da son nəticədə problemlər yaradır".

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev deyib: "Hazırda insanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və dövlətimizin başçısı bu məsələləri daim diqqət mərkəzində saxlayır".

S. Hadıyev bildirib ki, indi yaxın keçmişə nəzər saldıqda, əminliklə demək olar ki, ölkəmizin səhiyyəsi özünü yaxşı tərəfdən göstərə bildi: "Biz qabaqcıl ölkələrin timsalında da səhiyyənin nə qədər çətinlik yaşadığını gördük. Ölkələrin çoxunda böyük çaşqınlıq olduğu halda, bizdə belə hal olmadı. Çünki səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi tək indiki dövrdə yox, daim diqqət mərkəzindədir. Son illər Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Son illər ölkəmizdə 600-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Bu işdə Səhiyyə Nazirliyinin işini də dəyərləndirmək lazımdır.

Ölkəmizdə daim səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün baza yaradıldığından, pandemiya dövründə Azərbacyanda xəstələrin qəbulu ilə bağlı ciddi problem yaşanmadı. COVID-19-la mübarizə üçün yüksək səviyyəli təchizatı olan xəstəxanalar işə salındı. Tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm sərəncamlar verildi. Dövlət insanların sağlamlığının müdafiəsi sahəsində öz boynuna düşən öhdəliyi layiqincə yerinə yetirir".

Klinika direktoru vurğulayıb ki, Azərbaycan səhiyyəsi və həkimlərimiz böyük fədakarlıqla COVID-19 pandemiyası ilə mübarizə aparırlar: "Bu savaşda Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə Klinikasının kollektivi öndədir. Artıq bu il martın sonundan etibarən ATU TCK-da koronaviruslu xəstələrin qəbuluna hazırlıq işlərinə başlanılıb. Aprelin 1-dən etibarən COVID-19 infeksiyası təsdiqlənən xəstələrin qəbuluna başlanıb. İndiyədək 600-dən artıq koronaviruslu xəstə ATU Tədris Cərrahiyyə Klinikasında müalicə alıb. Bu gün ATU TCK-nın 400-ə yaxın əməkdaşı COVID-19 pandemiyası ilə mübarizəyə qoşulub. Onlar xəstələrin sağalması uğrunda fədakarcasına işləyirlər, yorulmaq bilmədən xəstələrin müalicəsində iştirak edirlər".

S. Hadıyev xatırladıb ki, ATU-nun Tədris Cərrahiyyə Klinikası açılışı 2013-cü ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub. Bu, ölkə başçısı tərəfindən ATU-ya hədiyyə edilmiş dörd klinikadan biridir. İlk olaraq 2002-ci ildə ATU-nun Stomatoloji Klinikası, sonradan 2007-də Onkoloji Klinika, 2010-cu ildə Tədris Terapevtik Klinika  və nəhayət 2013-cü ildə Tədris Cərrahiyyə Klinikası istifadəyə verilib.

14 mərtəbədən ibarət müasir standartlara cavab verən möhtəşəm bir tibb ocağı xəstələrin və müəllim-tələbə heyyətinin istifadəsinə verilib. Bu, nəinki regionda, MDB ölkələrində ilk belə universiet klinikasıdır. Direktor qeyd edib ki, ATU TCK-nın yaradılmasında əsas məqsəd xalqımıza ən yüksək səviyyəli tibbi xidmət göstərmək, hər kəsin ən son etibar edə bilcəyi referans diaqnostika, müalicə və cərrahi mərkəzi olmaq, bununla yanaşı yüksək səviyyədə elm-tədris proqramları həyata keçirmək, tibbi kadrların hazırlanması səviyyəsini yüksəltmək idi: "Hər gün, hər an bu məqsədlərimiz uğrunda çalışırıq. Bu yaxınlarda cənab prezident İlham Əliyev də pandemiya ilə mübarizədə ATU Tədris  Cərrahiyyə Klinikasının adını xüsusi qeyd etdi. Bu, işimizə verilən böyük qiymət oldu".

S. Hadıyev 17 İyun-Tibb İşçiləri günü münasibətilə hər bir tibb işçisini təbrik edib: "Bizim elə həkimlərimiz, tibb bacılarımız və işçilərimiz var ki, uzun müddətdir öz doğmalarından ayrı qalıblar. Ağır durumda, xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar. Bu şərəfli peşə sahiblərini təbrik edirəm, onlara ən əsas cansağlığı arzulayıram. Ümid edrəm ki, dövlətimizi səyi, tibb işçilərinin fədakarlığı və əhalinin məsuliyyətli davranışı sayəsində bu bəlaya qısa zamanda qalib gələ biləcəyik".


Etiketlər:  Klinika direktoru İnfeksiyaya yoluxanların sayı artır insanlar özlərini qorumurlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ