Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 08:56
Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Direktorlar Şurası bankın COVID-19 böhranına qarşı fondundan Qazaxıstana 661,8 milyon avro ayrılmasını təsdiqləyib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, vəsait pandemiyanın ölkə əhalisinin sağlamlığına, gəlirlərinə və iqtisadi imkanlarına mənfi təsirlərinin azaldılması üçün Qazaxıstan hökumətinə büdcə dəstəyi göstərəcək. Asiya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən "COVID-19 cavab tədbirləri və xərclərin dəstəklənməsi" proqramı Qazaxıstanda həssas əhali qrupları üçün ərzaq qiymətlərinin artımının nəticələrinin azaldılmasını, sosial ödənişlərin artırılmasını, müəssisələrin maliyyə yükünün yüngülləşdirməsi üçün yeni vergi güzəştlərinin tətbiqini və işsizlərə maliyyə ödənişlərinin verilməsini əhatə edir.
Qeyd edək ki, Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankı dövlət və özəl sektordan olan müştərilərin pandemiya ilə əlaqədar artan tələbatını ödəmək üçün COVID-19 böhranına qarşı fondunu 2 dəfə artıraraq 10 milyard ABŞ dollarına çatdırıb. İndiyədək fonddan Hindistan, Çin, Banqladeş, Filippin, Türkiyə, Gürcüstan da daxil olmaqla bir neçə ölkədə ümumilikdə 13 layihəyə 5,5 milyard dollar vəsait ayrılıb.