Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2025 21:00
Yanvarın 16-da Mars planeti qarşıdurmada olacaq. Qarşıdurma zamanı Mars və Günəş Yerə görə əks istiqamətlərdə yerləşir. Bu, Marsın tam işıqlanmış və Yerə yaxın mövqelərdən birində olduğu vəziyyətdir.
Sonxeber.net xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, qarşıdurma vəziyyətində Mars tam gecə boyunca görünür. Bu mövqe Marsın həm teleskopla, həm də adi gözlə ən yaxşı müşahidə olunduğu vaxtlardan biridir. Planet daha parlaq və böyük görünür, buna görə də onun xüsusiyyətlərini öyrənmək üçün astronomlar üçün ideal şərait yaranır. Eyni zamanda, yanvarın 12-də saat 23:00-da Mars Yerə 0.642 AV (96.079 milyon km) yaxın məsafədə olacaq. Hər Mars yaxınlaşması bir neçə gün fərqlə, demək olar ki, eyni vaxtda baş verən bir qarşıdurma ilə müşayiət olunur. Bu gecikmə Mars orbitinin nəzərəçarpacaq dərəcədə elliptik olması ilə əlaqədardır. Bu dəfə Mars Yerə yaxın mövqedə olanda onun görünən bucaq ölçüsü 14.6" (bucaq saniyəsi), parlaqlığı isə -1.4m ulduz ölçüsünə çatacaq. Başqa sözlə, adi gözlə görünən ən zəif ulduzdan təxminən 900 dəfə parlaq olacaq.
Bakıdan Mars bütün gecə ərzində təxminən saat 18:30-dan saat 07:41-ə kimi görünəcək. Saat 01:14-də Mars göy meridianını keçəcək və həmin an üfüqdən 74° hündürlükdə olacaq.