Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 22:40
Gözdən əlil şəxslərin əksəriyyətində görmə qabiliyyətinin itməsi ya gözdəki, ya da görmə sinirindəki problemlə əlaqədardır. Belə ki, bu zaman beyin qaydasında olur və siqnalları qəbul edə bilir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, neyrobioloqların fikrincə, gözdən əlil insanların nəyisə görə bilməsi üçün elektrod implantların köməyilə görmə nahiyəsini bilavasitə stimullaşdırmaq olar. Bu yolla mürəkkəb peyzajı modelləşdirmək çətin olsa da, hərfləri modelləşdirmək mümkündür.
Aparılan eksperimentlərdə yanaşma adətən belə olub: hər elektrod vahid piksel rolunu oynaya bilər, beyin qabığına implant edilmiş elektrod-piksellər kompleksi isə hərfin təsvirini yaratmalıdır. Eksperiment zamanı elektrodların hamısı bir yerdə işə salınıb və nəticədə beyin hərfi deyil, aydın olmayan təsviri görüb.
ABŞ-ın Beylor Universitetinin tədqiqatçıları isə başqa üsuldan istifadə edərək elektrodları eyni vaxtda deyil, bir-birinin ardınca (şəkil çəkirmiş kimi) işə salıblar və beynin görmə nahiyəsində hərfin şəkli tədricən çəkilib.
Eksperimentdə iştirak edən gözdən əlil insanlar davamlı elektrod siqnalların köməyilə beyində hiss etdikləri fiquru sensor ekranda barmaqları ilə çəkə biliblər. Yəni davamlı elektrod siqnalları beyində hər hansı fiquru "görməyə" kömək edib.
Təcrübədə sadə simvollardan, C, W və U kimi hərflərdən istifadə edilsə də, alimlərin fikrincə, beyinə daha mürəkkəb təsvirləri ötürmək mümkündür.