Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ömrünün 17 ilini Vətənə xidmət edən şəhid Mahir Məmmədov - FOTO

Ömrünün 17 ilini Vətənə xidmət edən şəhid Mahir Məmmədov - FOTO

Tarix: 17 May 2021 21:54

Vətən müharibəsində Azərbaycanın zəfər tarixini qanları ilə yazan oğullarımızdan biri də xaçmazlı şəhid Mahir Məmmədovdur. Ömrünün 17 ilini Vətənə xidmətə həsr edən baş gizir Füzuli uğrunda gedən şiddətli döyüşdə şəhidlik zirvəsinə ucalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Mahir Ağasəlim oğlu Məmmədov 1981-ci il yanvarın 28-də Xaçmaz rayonunun Şıxhaput kəndində anadan olub.

Təcrübəli hərbçi Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə qoşulub və düşmənin hərbi obyektlərinin məhv edilməsi zamanı fəallıq göstərib.

Mahir Məmmədov 2016-cı ilin Aprel döyüşlərində də düşmənə qarşı savaşıb. Bu döyüşlərdə göstərdiyi şücaətə görə medal və fəxri fərmanlarla təltif olunub.

"İşini çox sevirdi. Özünə ev-eşik düzəltdi. Amma otura bilmədi evində. Sentyabrın 21-də oğlu dünyaya gəldi. Mahir onu görə bilmədi, qucağına ala bilmədi. Bu barədə danışmaq mənim üçün çox ağırdır. Balam üçün darıxıram. Müharibə haqda danışmırdı. Məni həyəcanlandırmaq istəmirdi", - deyə şəhidin anası Timziyə Məmmədova söyləyib.

Mahir Məmmədov oktyabrın 7-də Füzuli istiqamətində döyüşərkən yaxınlığında artilleriya mərmisinin partlaması nəticəsində ağır yaralanıb. Qəhrəman döyüşçü 12 gün komada qaldıqdan sonra şəhidlik zirvəsinə ucalıb.

39 yaşlı qəhrəman üç il əvvəl ailə həyatı qurmuşdu. Amma təəssüf ki, yeni doğulan oğlu Səlimi qucağına almaq ona qismət olmadı.

"Mahirlə 2019-cu ilin iyun ayında ailə qurmuşuq. Çox gözəl qəlbli insan idi. Heç vaxt uca səslə danışmazdı. Onun ölümünə inana bilmirəm. Elə bilirəm nə vaxtsa qayıdıb gələcək. Çox istəyirdi torpaqlarımızın azadlığı uğrunda müharibə başlasın. Mahir topoqraf-xəritəçi olduğu üçün döyüşlər vaxtı onun işi daha çox əhəmiyyət daşıyırdı. Amma heyif ki, Vətənimizin bütöv olmağını görmədi. Körpəmiz vaxtından əvvəl dünyaya gəlmişdi. Xəstəxanadan şəkillərini Mahirə göndərirdim. Sonra əlaqəmiz kəsildi. Yaralanan günə kimi hər gün telefonla danışırdıq. Sonra yaralanması xəbərini aldıq. Başından yaralanmışdı. Oktyabrın 17-də şəhidlik zirvəsinə ucaldı", - deyə şəhidin həyat yoldaşı Günel Məmmədova söyləyib.

Şəhidin qardaşı Habil isə bildirib ki, Mahir 2003-cü ildən hərbçi kimi xidmət edirdi. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda döyüşlərə qatıldı: "İndi döyüş yoldaşları başsağlığı verirlər. Onlar bildirirlər ki, Mahir döyüşlərin ən qaynar nöqtələrində qəhrəmanlıqla savaşıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin".

Mahir Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

Milli.Az


Etiketlər:  Ömrünün 17 ilini Vətənə xidmət edən şəhid Mahir Məmmədov FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ