Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2024 08:12
Ötən ay avtomobil bazarında da qiymət dəyişiklikləri müşahidə olunub.
Bu barədə Sonxeber.net-a İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Mərkəz tərəfindən aparılan monitorinqə əsasən, 30 min manatadək olan avtomobillərin qiyməti yanvar ayında 2.7 faiz yüksəlib.
Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da həmin avtomobillərin qiymətində ay ərzində 0.5 faiz artım qeydə alınıb.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan 113,4 milyon ABŞ dolları dəyərində 6 191 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
İlk ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı dəyişməyərək 20 ədəd (0,808 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 12,6 % azalaraq 5 643 ədəd (100,3 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 1 235-i (40,2 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 239-u (9,663 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 32,4 %, ikincinin isə 2 dəfə artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 31,6 % artaraq 495 ədəd (8,908 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 22,2 % artaraq 33 ədəd (3,450 milyon ABŞ dolları dəyərində) olub.