Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Roza Zərgərlinin aktyor oğlu Corc: “Uşaq olsam da, intim səhnələrə çəkilmişəm” - FOTO

Roza Zərgərlinin aktyor oğlu Corc: “Uşaq olsam da, intim səhnələrə çəkilmişəm” - FOTO

Tarix: 30 May 2020 11:40

Milli.Az Bakıdakı 2 saylı uşaq evinin yetirməsi, gənc və istedadlı aktyor Corc Qafarovun oxu.az-a müsahibəsini təqdim edir:

- Sizi müğənni Roza Zərgərlinin oğlu kimi tanıyırlar. Əslində, Corc Qafarov kimdir?

- Mərhum Leyla İbrahim qızı Qafarovanın oğluyam. Anam rəhmətə getdiyi zaman böyük stress yaşamışam. Onunla bağlı bir çox arzularım ürəyimdə qaldı. Düşünürdüm ki, əlim çörəyə çatanda anamın yaşamadıqlarını onun üçün həyata keçirəcəyəm. Anamın arzuları çox idi, amma onları reallaşdırmaq istəsəm də, alınmadı.

 

Anamın dünyasını dəyişməsi xəbərini tərbiyə aldığım müəssisədə çalışan Məxmər müəllimə mənə çatdırdı. O vaxt anam xəstəxanada müalicə olunurdu. Onda xərçəng və hepatit xəstəlikləri var idi. Məxmər müəllimə söylədi ki, ananın vəziyyəti çox pisdir. Demədi ki, Leyla xanım vəfat edib. Lakin hər şeyi dərhal başa düşdüm.

Anam rəhmətə gedəndə "Qisas" serialına Roza xanımla birlikdə çəkilirdim. Onunla artıq tanış idim. Roza xanım anama yardım əlini uzatdı. Leyla xanımın xəstəxanaya yerləşdirilməsindən tutmuş, müalicəsinə kimi Roza xanım öz üzərinə götürmüşdü. Leyla xanım 51 yaşında gözünü əbədi yumdu. Anamın ən böyük arzusu evinin olması idi. Veydinin (atası - red.) ona qarşı dəlicəsinə sevgisi anama düşmədi - xəstəlik tapdı. Ailəmiz dağıldı... Jerar, mən və o - hərə bir tərəfdə idi. Üçlük dağılmışdı. O zaman atam Latviyada idi. Sonradan xəbər tutduq ki, o, 2013-cü ildə vəfat edib. 

- Tək qalanda nə düşünürsünüz?

- Tək qalanda ağlıma normal şeylər gəlmir. Daha çox karyera, gələcək həyatımla bağlı məqamlar barədə düşünürəm. Qardaşım Jerarın da gələcəyi məni düşünməyə vadar edir. O, bu həyatda hələ heç bir şeyə nail ola bilməyib. Heç özü də bilmir ki, hansı işin qulpundan yapışsın. Hələ qərar verməyib. Qardaşım cızığından tez çıxan uşaqdır. Onu asanlıqla yolundan döndərib, pis istiqamətə aparmaq olar. Bu səbəbdən mən də, Roza xanım da bacardığımız qədər onu baş verə biləcək təhlükələrdən qorumağa çalışırıq. Jerarın 20 yaşı var. Orta təhsilini bitirib, hazırda hərbi xidmətdədir. Bir aydan sonra evə qayıtmalıdır. Jerar müxtəlif hiyləgərlikləri bilən insandır. Amma mən elə deyiləm. Ondan fərqli olaraq, daha həssas və incəsənətə meyilliyəm. Jerar sözəbaxan deyil. Düşünürəm ki, hərbi xidməti başa vurduqdan sonra ağıllanacaq.

- Həyatınızda nələri dəyişmək istəyərdiniz?

- Bu, əlimdə olan bir iş deyil. Onsuz da həyatımda yətərincə çox şey dəyişib. Əvvəllər mənfiyə doğru, Roza xanımla tanış olandan sonra isə yalnız müsbətə doğru. Həyatımda xoşbəxt anım Roza xanımla tanışlığımdır. O, mənə stimul, güc verib. Uşaq evində böyümüş uşaqlar daha həssas və gücsüz olurlar. Cəmiyyətə düşəndə, dərhal doğru yolu tapa bilmir, yadırğayırlar. Amma mən belə olmamışam. 282 saylı məktəbdə oxuyandan bəri çalışmışam ki, hər zaman nümunə olum. Bu, məndə alınıb. İstər idman, rəssamlıq, istərsə də aktyorluq sahəsində... Bunlar hamısı Roza xanımdan əvvəl olub.

- Bəs həyatınızda Roza xanım olmasaydı?..

- Roza xanım olmasaydı, yenə də həyat davam edəcəkdi. Sadəcə, ailəsiz və yiyəsiz... Bunlar isə həyatda önəmli məsələlərdir. Mən birtəhər çıxış yolu tapacaqdım, amma Jerar... Roza xanımla tanış olanda o, uşaq idi. Jerar çöl, küçə görməmişdi. Mən isə uşaq evindən çıxmış müstəqil insan idim. Yaxşı ki, Roza xanımla tanış olduq.

- Roza xanım sizə ana əvəzi ola bilib?

- Bəli, əvəz edə bilib. Bizə göstərdiyi qayğını heç zaman başımıza qaxınc etməyib. Bizə yazığı gəldiyi kimi münasibət bəsləməyib. Normal bir insan, övlad kimi yanaşıb. Leyla xanımın yoxluğunu unutdurmağa çalışıb.

- Sosial şəbəkə əhli Roza Zərgərlinin bədən quruluşunu tez-tez müzakirəyə çıxarıb, onu tənqid edir. Həmin şərhləri oxuyanda qıcıqlanırsınız, yoxsa qulaqardına vurursunuz?

- Roza xanımla yenicə tanış olduğumuz zamanlarda yazılan neqativ rəylərə çox qıcıqlanırdım. Bunların üstündə Roza xanımla o qədər davalarımız olub ki... Əsəbiləşib, evdən gedirdim. Hər ay bu cür hadisələr təkrarlanırdı. Sonra bu halla barışdım. Artıq bunlara görə davamız olmur. Bələdiyyəyə üzv seçiləndə insanların 30 faizi məni dəstəkləyirdi. Qalan 70 faiz isə mənə təhqir yazırdı. Əgər bir müğənninin bədən quruluşu müzakirə predmetinə çevrilirsə, onu söyən də olacaq, sevən də. Kim necə və nə cür fikirləşirsə, Allah onlara ürəklərinə görə versin.

- Roza Zərgərlinin ifa etdiyi mahnıları dinləyirsiniz?

- Əlbəttə, dinləyirəm. "Mənə öyrət", "İstanbul qızı" bəstələrinin həm sözləri, həm də musiqisi xoşuma gəlir.

- Roza Zərgərli ilə birgə klipə çəkilərsiniz?

- Bunu bəlkə mən və ya Roza xanım istəməyib. Əgər bir klipə çəkilsək, yalnız ana-oğul münasibətini canlandıra bilərik. Hansı münasibətdə çəkilə bilərik ki, xalqın gözündə hədəfə çevrilməyək? Dost və sevgilini oynaya bilmərik. Əgər bunu etsək, bizi dar ağacından asıb, haqqımızda pis şeylər danışacaqlar. Bəlkə də, elə bu səbəblərə görə birlikdə klipə çəkilməmişik.

- Karantin dönəmini necə keçirdiniz?

- Karantində evdə oldum, eyni zamanda, seriala da çəkilirdim. Hazırda "Xəzər" telekanalında yayımlanan "İmtahan" serialında Aqil Eyyubov obrazını canlandırıram. Bu serial artıq üç mövsümdür ki, yayımlanır. Rejissoru Kənan Nadirli ilk mövsümdən təklif etdi ki, çəkilim. Çəkilişlər hərbi xidmətə getdiyim zamana təsadüf etdiyindən, təəssüf ki, iştirak edə bilmədim. 2019-cu ildə hərbi xidmətimi başa vurduqdan sonra Kənan "İmtahan" serialının ikinci mövsümündə rol almağım üçün yenidən təklif irəli sürdü. Bu fürsəti əldən vermədim, çünki işim üçün "ac" idim. Alacağım qonorarı əvvəlcədən danışıb, razılığa gəldik. Beləcə, həmin seriala çəkilməyə başladım.

"Xəzər" telekanalı bizə qonorar deyil, maaş verir. Hər ay 1 000 manat məvacib alıram. Aldığım maaş məni qane edir. Serialın çəkilişləri hər gün, bəzən də axşamdan səhərə kimi davam edir. Belə olan halda istər-istəməz aktyorlar arasında əsəb, stress və gərginlik pik həddə çatır. Misal üçün, kimsə kiminsə sözünü və ya etdiyi hərəkəti həzm edə bilmir və mübahisələr yaranır. Amma dalaşsaq da, tez barışırıq. Artıq bir ailə kimiyik.

- Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışırsınız?

- Bəli, ötən ilin dekabr ayından orada çalışıram. Oradan da hər ay məvacib alıram.

- Bəzən aktyorların həm də gözəl səsi olur. Bu istedadınız var? 

- Səsim yoxdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alanda vokal və xordan dərslər keçirilirdi. Həmin dərslərdə müəllim mənə güzəştə gedib, yüksək qiymət yazırdı. Amma səs o deyil. Səs səninlə birgə doğulan istedaddır. Belə bir istedadım, əfsuslar olsun ki, yoxdur.

- Niyə görə Corc aktyor olmaq qərarına gəldi?

- Rejissor Yavər Rzayev çəkdiyi "İlahi məxluq" filmində "İsmayıl" obrazını canlandırmaq üçün mənə müraciət etdi. O zaman 11 yaşım var idi. Aktyorluq qabiliyyətimi özüm kəşf etməmişəm. Sadəcə, incəsənətə çox həvəsli idim. Kiçik yaşlarımdan bəri rəqslə məşğul olurdum. Rəqsdə qız partnyorum Aygül idi. Onunla birgə "Lider" telekanalında yayımlanan "Talant-şou"ya qatıldıq. Həmin müsabiqədə iştirak edəndə hər hansı yeri tutacağımıza inanmırdıq və bu barədə düşünmürdük. Amma şouda hər həftə birinci yerə çıxdıq. O zaman Yavər bəy bizi görüb, filminə dəvət etdi. Ekran əsərinə çəkilməzdən əvvəl həkim olmaq istəyirdim. Düşünürdüm ki, həkim olsam, insanları müalicə edib, onlara yaxşılıq etmiş olacağam. Amma tale elə gətirdi ki, fikirləşdiyimin tamamilə əksi oldu.

- Hansı məqamlar incəsənət sahəsində sizi sıxıb, çərçivəyə salır?

- Azərbaycanda incəsənət sahəsi çərçivələr içərisindədir. O çərçivələrdən kənara çıxa bilmirsən. Misal üçün, serial və filmlərdə açıq-saçıq və ehtiraslı səhnələr yoxdur. Bu kimi səhnələrin qarşısına böyük sədd çəkilib. Halbuki, bizim olduqca istedadlı və bacarıqlı aktyorlarımız var ki, hər rolun öhdəsindən böyük ustalıq və peşəkarlıqla gələ bilər.

- Yollarınıza sədd çəkənlər var?

- Öndə olan insanların düşmənləri çox olur. Roza xanıma düşmən kəsilənlərdən mənə badalaq vurmağa çalışanlar var. Düşmən qazanmağı sevmirəm. Kiminsə xətrinə dəyim və həmin insan da mənə düşmən kəsilsin. Heç zaman həmkarlarımın arxasınca danışmamışam, danışmaram da. İşimə pəl vuran daha çox kişilərdir. "Qisas" serialına çəkilməzdən əvvəl ekran əsərlərinə daha çox dəvət və təkliflər alırdım. Roza xanımı tanıyıb, biz bir ailə olandan sonra təkliflər azaldı. Əgər bir rejissorun Roza xanımla münaqişəsi varsa və ya ondan xoşu gəlmirsə, çəkəcəyi serialda məni görmək istəməyəcək. Bunu normal qəbuil edirəm. 

- Açıq-saçıq və ehtiraslı səhnələrdə çəkilməyə "hə", yoxsa "yox" deyərdiniz?

- Əlbəttə ki, cavabım "hə" olar. "İlahi məxluq" filmində açıq-saçıq səhnəyə çəkilmişəm. Həmin ekran işində uşaq olsam belə, intim səhnələrdə yer almışam. "Bakı, mən səni sevirəm" filmində isə məşhur Hollivud aktrisası Aziya Arcenti ilə öpüş səhnəsinə çəkilmişəm. Uşaqlıqda çəkilmişəmsə, indi də təklif gəlsə, böyük məmnuniyyətlə çəkilərəm.

- 6667 səslə Qaraçuxur bələdiyyəsinin üzvü seçiləndən sonra sosial şəbəkə istifadəçiləri sizə hücum çəkdilər. Hamı bir ağızdan seçkilərdəki qələbəni Roza Zərgərlinin adına yazdı. Bu məsələ ilə bağlı fikirlərinizi eşitmək maraqlıdır.

- Kiçik yaşlarımda bələdiyyənin keçirdiyi tədbirlərdə çox iştirak edirdim. Orada çıxışlarım olurdu. Bələdiyyənin sədri İxtiyar müəllim mənə zəng edib dedi ki, sənədlərini topla, namizədliyini ver, bəlkə sən də bələdiyyəyə üzv seçildin. Əslində, bələdiyyəyə üzv seçilmək böyük bir şey deyil. 17 nəfər bələdiyyəyə üzv seçilir. Hərəsi ayrı-ayrılıqda bir sahəyə nəzarət edir. Nə maaş var, nə də qonorar. Fəal gənc kimi öz işini nümayiş etdirirsən. Sənədlərimi toplayıb, qeydiyyatdan keçdim. Ağlımın ucundan da keçməzdi ki, bələdiyyəyə üzv seçilərəm. Gecə saat 11-də yuxudan oyadıb söylədilər ki, aləm dəyib bir-birinə, sən üzv seçilmisən. Oradakı fəaliyyətim mədəniyyət və incəsənət sahəsi olacaq. Misal üçün, Latviya-Azərbaycan mədəniyyət və incəsənət tədbirində təşkilati işlərlə məşğul olacağam. Özümdə bu gücü hiss edirəm.

- Bir neçə il öncə nişanlanmağınız barədə xəbərlər yayıldı. Sonra isə nişanın olmayacağını öyrəndik. Əslində nələr baş verdi?

- Geriyə özüm çəkildim. Birdən fikirləşdim: "Sən hansı halına ailə qurursan? Sənin istədiyin karyera, gələcək hələ gəlib çıxmayıb. İstədiklərinə hələ nail ola bilməmisən". Yaşaya bilmədiklərimi həyat yoldaşıma, övladlarıma yaşatmaq istəyirəm. Hərbi xidmətdə olduğum zaman da onunla münasibətdə idim. Ona da dönə-dönə söylədim ki, evlənməyə tələsmirəm. Hələ çox tezdir. Çünki çalışıram, vuruşuram, bu həyatda nəyəsə nail olmaq istəyirəm. O, mənim bu qərarımı səmimi qəbul edib, dediklərimlə razılaşdı. Münasibətimiz və dostluğumuz davam edir. O Türkiyədə, mən isə Azərbaycandayam. Görüşə bilməsək də, zaman-zaman görüntülü danışırıq. Bizim nişanımız olmamışdı. 

- Şəxsi həyatında kimsə var?

- Ürəyim tək deyil. Bu barədə ilk dəfə sizə danışacağam. Heç kim bilmir, hətta Roza xanım da. Onun ailəsi də bu məsələdən bixəbərdir. Mənimlə yaşıddır, yəni 25 yaşı var. İncəsənət aləmindən deyil. Ailə qurmağı fikirləşmirik. Bir-birimizi bəyənirik və hər şey öz qaydasındadır. Qız-oğlan münasibətlərinə ailə qarışanda, başqa istiqamətə gedib çıxır: "Kimdir, kimlərdəndir, gəlsin bizə". Bunlara ehtiyac yoxdur. Sevgiliyik, dostuq, vəssalam. Ola bilər ki, nə zamansa söhbətimiz alınmasın və biz ayrılaq. Amma yenə də dost, tanış kimi qalacağıq. Ümüd edirəm ki, bir-birimizə kin saxlamayacağıq.

- Yaxın gələcəyə baxsaq, bir neçə ildən sonra Corc özünü harada görür?

- Açığı, bu barədə heç fikirləşməmişəm (düşünür). Türkiyədə və Rusiyada çəkilən filmlərdə özümü görmək istəyirəm. Hollivuddan vurub, Avropadan çıxmaq doğru olmazdı. Çünki orada filmə çəkilmək üçün ingilis dilini mükəmməl bilməlisən. Bir var insan olaraq, bir də var ki, aktyor olaraq ingilis dilində danışasan. Aktyor isə ingilis dilində tamamilə başqa səviyyədə danışmalıdır. 

Milli.Az


Etiketlər:  Roza Zərgərlinin aktyor oğlu Corc Uşaq olsam da intim səhnələrə çəkilmişəm FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ