Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2021 12:00
Xalqımızın müstəqillik tarixi, torpaqların azadlığı məhz onların adı ilə bağlıdır. Vətən müharibəsinin od-alovuna gözünü qırpmadan atılan Teymur Əliyev kimi şəhidlərimizin... O, cəmi 30 il yaşadı. Heç nə üçün tələsmədi, vətənin azadlığına töhfə verməyi özünün ilk vəzifəsi saydı. Qısa ömrünə dillərə dastan olan igidilik yazdırmağı, doğmalarına qürur duyacaqları bir ad qoymağı bacardı.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Göygöldə doğulub-böyüdü. Torpaqlarımızın işğal altında olması, ata-babalarının doğma yurdları Göyçədən zorla qovulması daim onun qəlbində düşmənə nifrət alovu qaladı. O, Vətən müharibəsinin ilk günlərindən könüllü döyüşlərə atıldı. Teymur düşməndən qisas almaq üçün mümkün olan hər şeyi etdi. Özünü bu amal uğrunda fəda edərkən döyüşçü dostlarını qorumağı da unutmadı.
Hərbi komissarlığa müraciət edən zaman Teymura deyilib ki, əlindəki qüsura görə səfərbərlikdən qismən azad edilmə hüququ var. Ancaq o, Vətənin dar günündə döyüşlərə qatılmağı üstün tutub.
Qumbaraatan vəzifəsində Füzulidən Xocavəndə qədər şərəfli döyüş yolu keçən Teymur Əliyevin qazandığı ad indi bütün el-obası və doğmaları üçün fəxr yeridir.
Teymur Əliyev döyüşdəki şücaətlərinə görə "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.