Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2020 13:18
Bakı. İlhamə İsabalayeva - Trend:
Yaşı 65-dən yuxarı olan şəxslərin öz yaşayış yerini tərk etməsi məhdudiyyəti hazırda da var. Aprelin 20-dək müvafiq qurumlar tərəfindən onların hərəkəti müəyyən edilərsə, bu, karantin rejiminin pozulması halı kimi nəzərə alınacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.
Onun sözlərinə görə, belə şəxslərə nəzərdə tutulmuş cərimələr də tətbiq oluna bilər.
C.Salmanov qeyd edib ki, vətəndaşlara icazə ilə bağlı 2 saatlıq müddət vətəndaş SMS-i göndərdiyi vaxtdan yox, cavab SMS-i gəldiyi müddətdən hesablanır.
Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir:
"Vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur. Həmçinin, şəxslər məhkəməyə və ya hüquq-mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər".
C.Salmanov deyib ki, müvafiq icazəni aldıqdan sonra vətəndaşlar iki saat ərzində Bakının istənilən rayonu ərazisində hərəkət edə bilərlər:
"Bu, o demək deyil ki, vətəndaş Yasamal rayonunda yaşayırsa, mütləq Yasamaldakı aptekdən dərman almalıdır. Digər apteklərə də gedə bilər. Amma müəyyən edilmiş müddətdə geri qayıtmalıdırlar".
Sədr müavini bildirib ki, həkimə getmək üçün icazə alan şəxsin müalicə prosedurunun müddəti uzanarsa, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir.
C.Salmanov əlavə edib ki, KİV nümayəndələri, eləcə də fəaliyyətinə icazə verilən digər şəxslər əmək fəaliyyəti üçün sərbəst hərəkət edə bilərlər. Ancaq aprelin 5-dən onlar da evdən alış-veriş üçün çıxarkən digər vətəndaşlar kimi SMS göndərməlidirlər.