Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2020 16:08
Koronavirus pandemiyası dünyada daha ciddi təhdidə çevrilməkdədir. Hər gün virusa yoluxanların və ölənlərin sayı daha sürətlə artır, dünya tibb elmi hələki buna bir çarə tapmaqda acizdir. Təəssüflər olsun ki, Azərbaycan da dünyanın bir parçası olaraq bu təhdiddən kənarda deyil, ölkəmizdə də vəziyyət real təhlükə mərhələsindədir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Emin Hacıyev deyib.
Deputat bildirib ki, son sutka ərzində Azərbaycanda indiyə qədər virusa ən çox yoluxma halı qeydə alınıb, daha 78 vətəndaşımız koronavirusun hədəfinə tuş gəlib:
"Bildiyimiz kimi, xaricdən gələn və karantinə yerləşdirilən şəxslərlə bağlı bir neçə mərhələdə test aparılır. İlkin dövrdə infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdı. İndi həm də ölkə daxilində insanların bir-birini yoluxdurması halları qeydə alınır".
E.Hacıyev vurğulayıb ki, dünya ölkələrində vəziyyətin bu qədər təhlükəli həddə çatmasının əsas səbəblərindən biri də vətəndaşların bu təhdidə laqeyd yanaşması olub. Bu baxmdan dünyanın inkişaf etmiş ölkələri problemin öhdəsindən gələ bilmədiklərini etiraf edirlər. Əgər ölkəmizdə də bu cür vəziyyətin yaranmamasını istəyiriksə, qoyulan qaydalara riayət etməliyik:
"Bu virus dünyada yayılmağa başladığı ilk günlərdən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda adekvat və ardıcıl qabaqlayıcı tədbirlər həyata keçirilməyə başlanıb. Məhz bu tədbirlərin nəticəsində indiyə qədər ölkəmizdə vəziyyət sabitdir. Dövlət bütün imkanlarını səfərbər edərək insanların sağlamlığını qorumaq, vəziyyətin təhlükəli həddə çatmasının qarşısını almaq üçün bütün zəruri tədbirləri həyata keçirir. Lakin bəzi vətəndaşlarımızın məsuliyyətsiz davranışı, karantin rejiminə riayət etməməsi virusa qarşı mübarizəni çətinləşdirir, ölkəmizi daha təhlükəli vəziyyətə sürükləyir.
Vətəndaşlarımız nəzərə almalıdırlar ki, dövlət tərəfindən görülən tədbirlərin səmərəli nəticə verməsi yalnız qoyulan qaydalara hər kəsin ciddi şəkildə riayət etməsi ilə mümkün ola bilər. Burada vətəndaşın üzərinə sadəcə bir vəzifə düşür - evdə qalmaq, ciddi zərurət olmadan evdən çıxmamaq.
Vətəndaşlarımız bilməlidir ki, hər evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir. Bir nəfərin məsuliyyətsiz davranması, qaydanı pozması virusa yoluxaraq öz həyatını, ətrafını risk altına atması deməkdir. Ona görə də, əgər özümüzün, yaxınlarımızın sağlamlığını, həyatda qalmasını, dövlətimizin təhlüksizliyini istəyiriksə, mütləq şəkildə karantin dövrünün tələblərinə əməl etməliyik.
Yalnız bu cür həmrəylik göstərməklə vəziyyətdən çıxa bilərik, əks halda çox acı günlər yaşaya bilərik. Həyatda qalmaq üçün evdə qal".