Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 17:44
Bakı. Trend:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Hackhathon Azerbaijan”ın keçirdiyi virtual hakatona dəstək verib.
Su ekologiyası mövzusunda Azərbaycanda bir ilk olan “Aquahack” hakatonunu “Hackathon Azerbaijan” Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı (UNDP) ilə birgə təşkil edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, “AzInTelecom” bu kimi korporativ sosial məsuliyyət layihələrinə hər zaman önəm verir, ölkənin bu günü və gələcəyinə öz qatqısını verməyə çalışır.
Qeydiyyat prosesində “Aquahack”da iştirak üçün 328 nəfər müraciət edib, nəticə etibarilə 68 komanda qeydiyyatdan keçib. Onlardan 61 komanda, yəni 207 nəfər seçim mərhələsinə buraxılıb. Sonda isə müsabiqə tələblərinə cavab verən 49 komanda yarışda iştirak hüququ əldə edib.
Hakatonda məişətdə və sənayedə suyun istifadəsinin səmərəliliyinin artırılması, ona qənaətlə bağlı maarifləndirmə metodlarının aşkarlanması, su təchizatı infrastrukturunun səmərəli istifadəsinin təmin olunması, eləcə də su ehtiyatlarının idarə olunması ilə bağlı ideyalar işlənib.
Bir neçə gün öncə yekunlaşan yarışın qalibləri elan olunub. 1-ci yerin qalibi olan “Arducoman” komandasına 5 000 AZN, 2-ci yeri tutan “Aquahackermaks” komandasına 3 000 AZN, 3-cü yerin sahibi “Satetlite” komandasına isə 2 000 AZN məbləğində mükafat təqdim ediləcək.