Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycana qarşı çalışan şəxslərlə bağlı faktlar; Qumda şəbəkə yaratmış adamların hamiləri haqda bilgilər

Azərbaycana qarşı çalışan şəxslərlə bağlı faktlar; Qumda şəbəkə yaratmış adamların hamiləri haqda bilgilər

Tarix: 5 May 2022 10:58

Ötən həftə Azərbaycan Diplomatik Akademiyasında (ADA) keçirilən beynəlxalq tədbirdə İrandan gəlmiş ekspert Prezident İlham Əliyevə Şuşa qurultayında Güneylə bağlı səslənən fikirlərə dair suallar verib. Prezident həmin qurultayda səslənən fikirlərin Azərbaycanın rəsmi mövqeyi olmasını iddia edən iranlı ekspertə olduqca tutarlı cavab verib.

Sonxeber.net yeni müsavat-a istinadən xəbər verir ki, həmin cavabda ən maraqlı məqamlardan biri İlham Əliyevin Azərbaycan əleyhinə fəaliyyət göstərən şəxsləri İrandan istəməsi haqda idi. Prezident deyib ki, bir neçə il öncə İranın sabiq prezidenti Həsən Ruhaniyə 20 nəfərin siyahısını verib. O adamlar Azərbaycan əleyhinə açıq fəaliyyət göstərənlərdir. Böyük ehtimalla, siyahıda Gəncə terrorunda iştirak edənlərin də adları var.

Prezident ilk dəfə işarə etdi ki, Gəncədə 2018-ci ilin iyulunda törədilən terrorun arxasında İrandakı müəyyən qüvvələr dayanır.

Prezidentin İran tərəfinə adlarını verib təslim olunmalarını tələb etdiyi 20 nəfərlik siyahıda kimlər var?

1993-cü ildən başlayaraq, Azərbaycan xüsusi xidmət orqanları bir neçə dəfə zərərsizləşdirdikləri terrorçuların istintaqını apararkən İran izinə düşüblər. Məsələn, 1997-ci il fevralın 21-də Bakının mərkəzində, yaşadığı binanın blokunda böyük alim, akademik Ziya Bünyadov qətlə yetirildi.

1 il sonra istintaqçılar qatil dəstəsinin izinə düşdülər və 2 dəstə üzvü ələ keçdi.

Təqsirləndirilən Nizami Nağıyev və Mahir Zeynalovun ifadələrindən belə aydın olurdu ki, onlara İrandan gəlmiş "Nəsrullah" ləqəbli şəxs rəhbərlik edib. Dəstədə Nizami Nağıyev və Mahir Zeynalovdan başqa Cavanşir Aslanov, Qalib Babayev, Tariyel Ramazanov adlı şəxslər də olublar.

Hazırda Qobustan Qapalı Həbsxanasında ömürlük həbsdə olan Nizami Nağıyevlə 2018-ci ilin fevralında saxlanıldığı məhbəsdə görüşüb müsahibə almışdıq.

"Ziya Bünyadovun qatili həbsxanada danışdı - sensasion açıqlamalar"( https://musavat.com/news/ziya-bunyadovun-qatili-hebsxanada-danisdi-sensasion-aciqlamalar_506470.html) sərlövhəsi altında dərc edilən silsilə müsahibəsində Nizami Nağıyev cinayəti İrandan gəlmiş şəxslərin sifarişi, təşkilatçılığı ilə törətdiklərini açıqlamışdı. Dəstənin ələ keçməyən üzvlərinin də İrana qaçdıqlarını, özünün də İrana qaçmaq niyyətinin olmasını gizlətməmişdi.  

Bu gün İranda məskunlaşmış və anti-Azərbaycan fəaliyyəti ilə seçilən şəxslər az deyil. Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı planlaşdırılan və gerçəkləşdirilən terrorun, bu hadisədən sonra Gəncədə polislərin xəncərlə öldürülməsi cinayətinin də İranla əlaqəli şəxslərin aktiv iştirakı, təşkilati dəstəyi ilə həyata keçirilməsinə dəlalət edən faktlar var.

Elmar Vəliyevə silahlı hücumu gerçəkləşdirən Yunis Səfərovu hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriyaya göndərən Tohid İbrahimbəyli bu gün İranda "Huseyniyyun" (Hüseynçilər)  adlı təşkilatın rəhbəridir. O, İranda dini təhsil alan azərbaycanlı tələbələrə xüsusi diqqət yetirməklə özünün təşkilatına üzv edir. Tohid İbrahimbəyli "Hüseyniyyun" təşkilatını 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində yaratmaq niyyətində olduğunu Qum və Məşhəd şəhərlərində dini təhsil alan 14 azərbaycanlı tələbəyə bildirib. Azərbaycanlı tələbələrdən ibarət olacaq silahlı dəstə - "Hüseyniyyun"un Suriya ərazisində İŞİD ilə mübarizə aparacağını bildirib. Bu gün həmin təşkilatda olan İranda məskunlaşmış Orxan Məmmədov, Tohid İbrahimbəyli, Əkrəm Hacızadə, Musa Əsədzadə, İsgəndər Hüseynzadə və Rövşən Əsədov Azərbaycanda dövlət əleyhinə cinayətlərinə görə beynəlxalq axtarışa veriliblər. Buna baxmayaraq, bu şəxslər ötən ilin fevralında İranın paytaxtı Tehranda keçirilən konfransda peyda olublar. "Hüseyniyyun" terror təşkilatının axtarışda olan və Azərbaycanda barələrində  cinayət işi olan üzvləri - Orxan Məmmədov, Tohid İbrahimbəyli, İsgəndər Hüseynzadə və Rövşən Əsədov fəxri qonaq kimi iştirak ediblər.

Tohid İbrahimbəylinin SEPAH-ın öldürülmüş komandiri Qasım Süleymani ilə də yaxın əlaqəsi olub.

O, 14 tələbəni əvvəlcə Qum şəhərində  İsgəndər Hüseynovun iş yerində ("Nur" Tərcümə Müəssisəsi) toplayıb, 1 gün gözlədikdən və təlimatlandırdıqdan sonra İranın siyasi maraqları uğrunda vuruşmaq üçün Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığında yerləşən hərbi hissəyə aparıb. Dəməşqdə olarkən Tohid İbrahimbəyli onları təkcə Suriyada deyil, Azərbaycanda silahlı münaqişəyə hazırlamaq niyyətində olduqlarını bildirib. 25 günlük təlimdən sonra onlar 4-5 nəfərlik qruplara ayrılıb, Tohid  İbrahimbəyli bu qruplardan biri ilə Suriyanın Tedemor şəhərinə gedib. Həmin şəhərdə 20 gün qaldıqdan sonra İbrahimbəylinin olduğu qrup Məşhəd şəhərinə qayıdıb. Bir müddətdən sonra T.İbrahimbəylinin təklifi ilə hərbi təlim keçmək üçün həmin qrup yenidən Suriyaya gedib. Həmin tələbələrdən biri olan Elmir Zahidov 10 gündən sonra hərbi təlimdən imtina edərək Məşhəd şəhərinə geri qayıdıb. E.Zahidov həmin təlimdən imtina etdiyinə görə təhsil aldığı Xoi mədrəsəsinin rəhbərliyi tərəfindən sıxışdırılıb və Tohid  İbrahimbəyli tərəfindən təhqir edilib. Zahidov 2018-ci ilin iyun ayında təhsilini yarımçıq qoyaraq Azərbaycana qayıdıb. Digər tələbələr isə Suriyada hərbi təlimdə iştirak ediblər. 2018-ci ildə Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd edən Yunis Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum oldu ki, bır sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərilib. İstintaq zamanı Taleh Həsən oğlu Göyüşov və Tohid İbrahimbəylinin yaxın qohumları Həbib Əkbər oğlu İbrahimli, Pərviz Əlimusa oğlu Musayev, Elmir Savadxan oğlu Ziyadovun Yunis Səfərovla birgə İranın Qum şəhərində Tohid İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən edilib. Həmçinin müəyyən olunub ki, Taleh Göyüşov Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olub. Qeyd edilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar.

T.İbrahimbəyli mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə xain çağırışlar etməklə tanınır. Onun və başının dəstəsinin Gəncə terroru və 44 günlük Vətən müharibəsi günlərində Azərbaycana qarşı mövqeyi də düşmənlə eyni cərgədə dayanmaqdan başqa bir şey deyil. 

Onun dəstəsində olan İsgəndər Hüseynzadə 1966-cı ilin 27 yanvar tarixində Cəlilabad rayonunda anadan olub. 1996-cı ildə ailəsi ilə birlikdə İranın Qum şəhərinə köçüb. 2008-ci ildə onun barəsində "Dövlətə xəyanət" və "terrorçuluq" maddələri ilə cinayət işi başlanıb. Həmin il beynəlxalq axtarışa verilib. O, Qumda fəaliyyət göstərən "Nur" elmi-mədəni müəssisəsinin rəhbəridir. Eyniadlı sayt da bu müəssisənin media orqanı olaraq fəaliyyət göstərir. Bu saytda və eyni adlı feysbuk səhifəsində mütəmadi olaraq Azərbaycan dövlətinin əleyhinə informasiyalar tirajlanır. İsgəndər  Hüseynzadə "Hüseyniyyun" qruplaşmasının əsas rəhbərlərindən və Gəncə terrorunun təşkilatçılarındandır. Cəlilabad rayonundan olan kürəkəni Şamxal Eyvazov da Qumda təhsil alıb, İranın dini dairələrinə bağlı olan "sizinyol" saytında çalışıb, əsas işi Azərbaycanda qayınatasının istəyinə uyğun dini təbliğat aparmaq olub. 2018-ci ilin martında Qumdan Azərbaycana qayıdıb, apreldə həbs olunub.

Böyük ehtimalla, Prezidentin İran rəhbərliyinə təqdim etdiyi 20 nəfərlik siyahıda bu yazıda adları sadalanan şəxslər də var. Onların İran tərəfindən Azərbaycana verilməməsinin özü də bir göstəricidir. İrandan Azərbaycana gələn "ekspert"lər də bu məsələləri diqqətə almaq məcburiyyətindədirlər.


Etiketlər:  Azərbaycana qarşı çalışan şəxslərlə bağlı faktlar Qumda şəbəkə yaratmış adamların hamiləri haqda bilgilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ