Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vəsiyyətini yazdıqdan 4 gün sonra şəhidlik məqamına ucalan kapitan Əsəd Həsənov - VİDEO - FOTO

Vəsiyyətini yazdıqdan 4 gün sonra şəhidlik məqamına ucalan kapitan Əsəd Həsənov - VİDEO - FOTO

Tarix: 11 Dekabr 2020 21:54

"Hüseyn oğlum mənimlə həmişə fəxr etsin, çünki onun atası qəhrəman olacaq" deyə son vəsiyyətini yazıb göndərən kapitan Əsəd Həsənov dediyi kimi də etdi. O, şəhidlik zirvəsinə ucalaraq nəinki övladı, bütün Azərbaycanın fəxrinə çevrilən tarix yazan qəhrəmanlarımızdan biri oldu.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Əsəd Həsənov 1988-ci ildə aprelin 16-da İmişli rayonu Şahverdili kəndində dünyaya göz açıb. Həsənovlar ailəsi əslən Zəngəzurdan idi. Vətən həsrəti ilə yaşayan ailənin tək övladı olan Əsəd hələ kiçik yaşlarından hərbçi olmağı qarşısına məqsəd qoyub. Əsəd Ali Hərbi Məktəbə daxil olur, daha sonra bir zabit olaraq vətən keşiyində dayanır.

Şəhidin anası Mələk Həsənova oğlundan fəxrlə və qürurla danışır: "Əsəd uşaq yaşlarından məğrurluğu, qürurlu olması ilə seçilirdi. Orta məktəbdə oxuyanda hərbçi olmaq istəyirəm. Evin tək oğlan övladı olduğu üçün əvvəl bir az israr etdik. Amma o dediyindən dönmədi. Mənə deyirdi ki, sən hərbçi anasısan, mən tək sənin yox, vətənin oğluyam. Biz də onunla hər zaman fəxr etdik, əvvəl baş leytenant, sonra kapitan rütbəsi aldı. Sonuncu dəfə müharibədən 10 gün əvvəl övladının ad günündə gəlmişdi. Biz onunla söhbətləşdik, danışdıq, güldük. Sentyabrın 20-də yenidən öz işinə qayıtdı. Sentyabrın 27-i günü isə zəng edərək hal-əhval tutdu, salamat qalın deyib sağollaşdı. Oktyabrın 1-də səhər tezdən zəng etdi, hər kəsi bir-bir soruşdu, mən də ona bir ana xeyr-duası verdim. Həmin günün günorta vaxtı şəhid xəbəri gəldi". İndi şəhid anası fəxrlə söyləyir ki, nə qədər övlad itkisi ağır olsa da, biz başımızı dik tutmalıyıq, çünki balalarımızın qanı axmasaydı, biz bu qələbə sevincini də yaşamazdıq.

Əsədin döyüş yolundan danışan atası Fərhad Həsənov bildirib ki, "Əsəd peşəkar zabit olub. Artilleriyada qərargah rəisi olan Əsəd düşmənlə Ağdam rayonunda olan cəbhədə döyüşüb. Əsədin komandanlıq etdiyi artilleriya düşmənin 3 batareyasını darmadağın edib. Onun dəqiq koordinatları sayəsində ermənilərin 5 zenit qurğusu da məhv edilib. Daha sonra o istiqamətdə şəhid olub. Şükürlər olsun ki, Qarabağımız azad edildi. Sağ olsun Ali Baş Komandan, onun rəhbərliyi ilə vətənimiz düşmən tapdağından azad edildi".

Əsəd son vəsiyyətini bacısına yazıb. Bu haqda danışan şəhid bacısı Günay Həsənova deyib: "Sentyabrın 27-də mənə yazdı ki, "öpürəm, hər birinizi bağrıma basıram, özünüzdən muğayat olun, balalarımıza yaxşı baxın, onları sizə tapşırıram". Daha sonra ikinci dəfə yazdı "Hüseyn oğlum həmişə mənimlə fəxr etsin, çünki onun atası qəhrəman olacaq". Bu sözlərdən narahat olsam da, amma qardaşıma çox arxayın olduğum üçün sakit idim. Qardaşım şəhid olacağını sanki hiss etmişdi, çünki onun hər zaman üzərində bayraq olardı. Şəhid olmazdan iki gün əvvəl həmin bayrağı öz döyüşçü yoldaşına verir ki, bu bayrağı Şuşaya sancarsan. Komandirindən xahiş edib ki, şəklimi çək, bu, mənim sonuncu şəklim olacaq. Onun ən sevdiyi gül isə xarıbülbül idi. Hər zaman deyirdi ki, bu gül bizdən kömək istəyir. Qardaşımla fəxr edirəm. Sağ olsun Ali Baş Komandanımız və ordumuz bu gözəl günü bizə yaşatdı, torpaqlarımız yağı düşməndən azad edildi".

Milli.Az


Etiketlər:  Vəsiyyətini yazdıqdan 4 gün sonra şəhidlik məqamına ucalan kapitan Əsəd Həsənov VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ