Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 09:06
Azərbaycanda ilk dəfə olaraq keçirilən "Azərbaycan vokalçıları" festivalının təntənəli açılış mərasimi baş tutub. Əvvəlcə festival səhər saatlarında Fəxri Xiyabanın ziyarəti ilə gününü açıq elan etdi. Mədəniyyət Kanalının direktoru, festivalın ideya müəllifi və bədii rəhbəri Ramil Qasımov, AMK-nın rektoru, xalq artisti, professor Siyavuş Kərimi və musiqi ictiamiyyəti, həmçinin festivalın yaradıcı kollektivi əbədiyaşarları bir daha yad etdilər.
Daha sonra Beynəlxalq Muğam Mərkəzində festivalın açılışına həsr olunmuş Elmi-praktiki konfrans keçirildi. Konfransda Ramil Qasımov, xalq artistləri Xuraman Qasımova, Murad Hüseynov, əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə çıxış edərək vokal sənətinin incəliklərindən danışdı. Keçirilən bu festivalın vokal janrına çox mühüm töhfə olacağını vurğuladılar. Daha sonra konfransda iştirak edən məruzəçilər öz tədqiqatlarını auditoriyaya təqdim etdilər.
Festivalın təntənəli açılış mərasimi 17 dekabr Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutdu. Əvvəlcə festivalın ideya müəllifi və bədii rəhbəri, Mədəniyyət Kanalının direktoru Ramil Qasımov çıxış edərək Azərbaycan vokal sənəti haqqında danışdı: "Azərbaycan musiqi mədəniyyəti dərin köklərə bağlıdır, zəngin xəzinəsi əsrlərlə cilalanmış, bugünümüzə gəlib çıxmışdır. Azərbaycan klassik vokal sənəti də mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Təməli böyük ifaçımız, adını tarixə yazan Bülbül tərəfindən qoyulan bu sənət bu gün də dünyanın müxtəlif yerlərində tanınmış vokalçılar tərəfindən təmsil və təbliğ olunur.
Görkəmli müğənnimiz Bülbül Şərq və Qərb mədəniyyətini - klassik oxuma və milli vokal üslubunu sintez edərək unikal bir sənət nümunəsi yaratmışdır. Daha sonra Azərbaycan vokal janrında səsləri heç zaman unudulmayan ifaçı dalğası əmələ gəldi. Əlbəttə ki, biz hamımız belə zəngin mədəniyyətlə yalnız fəxr edə bilərik. Çünki, bu gün yetişməkdə olan gənc nəsil həmin klassikləri dinləyərək nələrisə öyrənir, mənimsəyir".
Ramil Qasımov həmçinin ölkə rəhbərliyinin musiqi mədəniyyətinə göstərdiyi diqqət və qayğını xüsusilə vurğuladı.